AZPROMO ilə AZINNEX arasında əməkdaşlıq görüşü keçirilib

25 may 2018-ci il tarixində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təsis etdiyi Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu (AZINNEX) arasında görüş keçirilib. Strateji əməkdaşlıq məqsədilə keçirilən görüşdə AZINNEX barədə AZPROMO rəhbərliyinə ətraflı məlumat verilib, Azərbaycanın ən aparıcı İKT şirkətləri olan üzv şirkətlərin böyük ixrac potensialının olduğu bildirilib.

Görüş zamanı AZPROMO rəhbərliyi AZINNEX üzvlərinin ixracını təşviq edə bilmək üçün mümkün dəstək alətləri barədə ətraflı məlumat verib. AZPROMO-nun ixracın təşviqi üzrə dəstək alətlərinin 2018-ci ildən etibarən İKT xidmətlərinin ixracına da tətbiq olunmasının AZINNEX üzvləri üçün xoş xəbər olduğu qeyd olunub. Bundan başqa AZINNEX-in innovativ həllərinin hazırlanması üçün çəkilən tədqiqat və inkişaf, sərgi və yarmarkalarda iştirak, eləcə də bazar araşdırmaları xərclərinin qanunvericiliyə uyğun olaraq dəstəklənməsi üçün kriteriyalar və digər xüsusi məqamlara aid məsələlər qarşılıqlı müzakirə edilib, üzv şirkətlərin sualları cavablandırılıb.

Görüş AZPROMO və AZINNEX arasında uzunmüddətli və səmərəli əməkdaşlıq üçün növbəti addımların müəyyənləşdirilməsi ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır