Kapital bazarından maliyyələşməni təşviq edən məlumat və məsləhət xidmətləri proqramı – “Listinq Məsləhət Proqramı” (LMP) üzrə əməkdaşlıq haqqında Kollektiv Sazişə yeni tərəfdaş olaraq Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu – “Azpromo” qoşulub.
Bununla əlaqədar olaraq, 25 Sentyabr 2017-ci il tarixində BFB-nin İdarə Heyəti sədri Vüqar Namazov və Azpromo şirkətinin prezidenti Rüfət Məmmədov tərəfindən “Listinq Məsləhət Proqramı”na qoşulma haqqında saziş imzalanıb və bu münasibətlə BFB-də “Açılış zəngi” mərasimi keçirilib.
Əməkdaşlıq haqqında Sazişə əsasən LMP-na qoşulmuş şirkətlərin AZPROMO-nun müvafiq kataloqlarına daxil edilməsi, eyni zamanda mövcud şirkətlərin Bakı Fond Birjası ilə əlaqələndirilməsi, xarici investor bazarına çıxışın təmin edilməsi, eləcədə xarici investorların ölkənin qeyri-neft sektorunun inkişafına cəlb edilməsi istiqamətində potensial investorların müəyyən edilməsi, biznes mühitinin təkmilləşdirilməsi, BFB vasitəsilə kapital bazarlarına xarici investorların cəlb edilməsi həyata keçiriləcək.
Qeyd edək ki, LMP layihəsinin Azpromo da daxil olmaqla hazırda 14 tərəfdaşı mövcuddur: KPMG, Baker&Tilly, PwC, RSM Azərbaycan və EY audit şirkətlərinin Azərbaycan ofisləri; Dentons, Baker&McKenzie və LAN Law Chambers hüquq şirkətlərinin Azərbaycan ofisləri, Yüksək Texnologiyalar Parkı, investisiya şirkətləri olan Paşa Kapital MMC, İnvest-AZ MMC, AzFinance İnvest MMC və Unicapital ASC.