Azərbaycanın növbəti ixrac missiyası Çin Xalq Respublikasının Şanxay şəhərindədir. “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə təşkil olunmuş ixrac missiyasına şərab və spirtli içkilər istehsalı sahəsində fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri daxildir.
Səfərin ilk günü – noyabrın 13-də Azərbaycanın ixrac missiyası Çinin ilk və ən böyük ticarət zonası olan “Shanghai Waigaoqiao Free Trade Zone”da yerləşən Şanxay Vayqaoçao Beynəlxalq Ticarət Əməliyyat Mərkəzində (ITOC) olub və burada görüş keçirib. Azərbaycanın Çindəki Səfirliyinin dəstəyi, AZPROMO və ölkənin Çindəki Ticarət Nümayəndəliyi tərəfindən birgə təşkil olunmuş görüşdə AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev Azərbaycanın biznes mühiti, rəqabətqabiliyyətli və ixracyönümlü məhsullarımız, ixrac missiyamızda təmsil olunan şirkətin təmsilçisi Elmar Səidov isə Azərbaycan şərabları barədə məlumat veriblər.
ITOC-un baş direktoru He Guoguang mərkəzin fəaliyyəti, Şanxay Pudonq Spirtli İçkilər Assosiasiyasının rəhbəri Baohua Huang isə 117 idxalçı şirkətin üzv olduğu Assosiasiyanın fəaliyyətinə dair məlumat verib. Baohua Huang bildirib ki, Azərbaycan şərablarının idxalı Assosiasiyaya üzv şirkətlərin diqqətinə çatdırılacaq və bu sahədə əməkdaşlıq həyata keçiriləcək.
Görüş çərçivəsində AZPROMO və ITOC arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Memoranduma əsasən, AZPROMO İTOC-dan anbar və yerli məhsullarımızın nümayiş olunması üçün müvafiq yer icarəyə götürəcək. Azərbaycan Şərab Evi adlanacaq həmin sahə və burada Azərbaycan iş adamları üçün yaradılacaq əlverişli şərait sahibkarlarımıza yerli məhsulları yüksək səviyyədə təqdim etməyə imkan verəcək.