İqtisadiyyat naziri BƏƏ-nin Xarici İşlər üzrə dövlət naziri ilə görüşüb

İqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Qoşulmama Hərəkatının Nazirlər Konfransında iştirak etmək üçün ölkədə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər üzrə dövlət naziri Ənvər Qarqaş ilə görüşüb.

BBN.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki,  görüşdə ölkələr arasında iqtisadi-ticarət əlaqələri inkişaf etdiyi, Dubay Ticarət və Sənaye Palatasının xaricdə ilk nümayəndəliyi Bakıda açıldığı Azərbaycanın BƏƏ-də ticarət nümayəndəsi təyin edildiyi, ölkənin Dubaya ixrac missiyaları göndərməsi və keçirilən sərgilərdə vahid ölkə stendi ilə təmsil olunması bildirilib.

Azərbaycan-BƏƏ iqtisadi əlaqələrinin genişləndirilməsi üçün geniş potensialın olduğunu vurğulayan nazir Şahin Mustafayev investisiya qoyuluşu, sənaye, alternativ enerji, neft-qaz, əczaçılıq, nəqliyyat və tranzit yükdaşımaları sahələrində əməkdaşlıq perspektivlərinə dair fikirlərini bölüşüb.

Vurğulanıb ki, BƏƏ Azərbaycanın tranzit potensialından, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından istifadə edə, BƏƏ iş adamları Ələt Azad Ticarət Zonasında və Azərbaycanda fəaliyyət göstərən sənaye parklarında investor qismində iştirak edə bilərlər.

Nazir Şahin Mustafayev qeyd edib ki, Azərbaycan məhsullarının BƏƏ-də geniş təşviqi üçün Dubayda Ticarət Evinin yaradılması istiqamətində işlərə başlanılıb.

BƏƏ-nin Xarici İşlər üzrə dövlət naziri Ənvər Qarqaş ölkəmizə səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin BƏƏ nümayəndə heyətini qəbulundan və aparılan müzakirələrdən məmnunluğunu vurğulayıb.

Bildirilib ki, Azərbaycan-BƏƏ əlaqələrinin daha da inkişafı üçün ölkələrimizin qarşılıqlı istəyi və müvafiq potensialı var.

Diqqətə çatdırılıb ki, viza rejiminin sadələşdirilməsi sahəsində görülən işlər BƏƏ-dən Azərbaycana gələn turistlərin sayının artmasına səbəb olub. Ölkəsinin yükdaşımalar, turizm, təhsil, neft-qaz və s. sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

Nazir Ənvər Qarqaş həmçinin, BƏƏ-yə ixrac missiyalarının təşkilinin Azərbaycanın kənd təsərrüfatı və sənaye məhsullarının ölkəsində tanıdılmasında əhəmiyyətini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır