Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Milli Müdafiə Kollecinin briqada generalı Salim Əl-Şamsini və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
İİTKM-nin icraçı direktoru Vusal Qasımlı əvvəlcə Azərbaycanda aparılan iqtisadi islahatlar barədə qonaqlara ətraflı məlumat təqdim edib. O bildirib ki, Azərbaycan dünya okeanına birbaşa çıxışı olmayan ölkə olsa belə, 7 neft-qaz kəməri vasitəsilə təkcə özünün yox, bütövlükdə Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çatdılmasında mühüm rol oynayıb. Bakı-Tbilisi-Qars dəmiryolu xətti, Bakı Dəniz Ticarət Limanı və Astara-Astara kimi layihələrlə Azərbaycan Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafını sürətləndirib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi Təhlil və Analitik-İnformasiya Departamentinin rəhbəri Ayaz Çaparlı Azərbaycanda aparılan islahat prosesi, Strateji Yol Xəritələri və hazırda həmin sənəd əsasında hazırlanan monitorinq və qiymətləndirmə ilə bağlı məlumatları əks etdirən təqdimatla çıxış edib.
BƏƏ-nin ixracyönümlü investisiyalarının Azərbaycanda nəqliyyat, logistika, sənaye, turizm və kənd təsərrüfatı sahələrinə daha geniş miqyasda cəlbi mümkündür. Görüşdə o da vurğulanıb ki, BƏƏ Azərbaycanın Rəqəmsal Ticarət Qovşağında iştirak etməklə Yaxın Şərqdə rəqəmsal geriliyin aradan qaldırılmasında və vahid rəqəmsal məkanın yaradılmasında iştirak edə bilər.
Qeyd edək ki, Azərbaycan və BƏƏ ixracın dəstəklənməsi sahəsində toplanmış təcrübənin qarşılıqlı mübadiləsi sahəsində də əməkdaşlıq imkanlarına malikdir.