2017-ci ilin ilk ayında aparılan nağdsız ödənişlər üzrə ən pis göstəriciyə malik qurumlardan biri yerli özünü idarəetmə orqanları, başqa sözlə, bələdiyyələrdir.
BBN.az Vergilər Qəzetinə istinadən xəbər verir ki, hazırda qüvvədə olan “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanuna əsasən, yerli vergi və ödənişlər yalnız nağdsız qaydada ödənilməlidir.
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin şöbə rəhbəri Əvəz Quliyev bu tip ödənişlərin nağdsız qaydada aparılması üçün lazımi infrastrukturun və digər imkanların formalaşdırıldığını bildirib. Lakin, yaradılan bütün imkanlara baxmayaraq, bəzi bələdiyyələr yenə də nağdsız əməliyyatlara maraq göstərmirlər.
Milli Məclisin Regional siyasət komitəsinin üzvü Tahir Rzayev bildirib ki, bələdiyyələrin vergiləri nağd şəkildə toplaması bu sahədə ciddi problemlərin olduğundan xəbər verir. Onun sözlərinə görə, yerli özünüidarəetmə orqanları ilk növbədə qanunlara əməl etməlidirlər.