27 oktyabr tarixində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Bərdə rayonunun Zümürxan kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.
Belə ki, forum çərçivəsində Bərdə rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan aqroparkın, intensiv bağçılıq və cins heyvandarlıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisəsinin, ixtisaslaşdırılmış “yaşıl market”in və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafında, xüsusilə regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 13 mindən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 543 milyon manat güzəştli kredit verilib.
İşgüzar forum çərçivəsində Bərdə və ətraf rayonlardan olan sahibkarlara 1,3 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, çörək, quru meyvə istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-dək yeni iş yerinin açılması mümkün olacaq.
Qeyd edək ki, ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Bərdə rayonundan olan 3000-dək sahibkara 73,9 milyon manat güzəştli kredit verilib.