“Bakı Nəqliyyat Agentliyi”nin cərimə ödənişləri ASANlaşdı

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyinin (BNA) birgə əməkdaşlığı nəticəsində Bakı şəhəri ərazisində yol hərəkəti əleyhinə törədilmiş qayda pozuntusuna görə BNA tərəfindən təqbiq edilən inzibati cərimələrin ödənişlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada “ASAN ödəniş” sisteminə inteqrasiyası üzrə işlər uğurla başa çatdırılıb.

26 oktyabr 2018 – ci il tarixindən etibarən vətəndaşlar və hüquqi şəxslər barələrində tərtib edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, habelə inzibati xəta haqqında protokollar, xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunmuş inzibati xətaların törədilməsinin foto və ya video görüntüləri ilə “ASAN ödəniş” sistemində yaradılmış şəxsi kabinetlərində tanış ola bilərlər. Həmçinin bu cərimələr üzrə ödənişlərini www.asanpay.az portalı və ya “ASAN ödəniş” sisteminə qoşulmuş digər ödəniş portalları və terminalları vasitəsilə də həyata keçirə bilərlər.

“ASAN ödəniş” sistemi Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılıb. Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 5 publik hüquqi şəxs və dövlətə məxsus 5 hüquqi şəxs olmaqla 119 dövlət qurumunun cərimə, rüsum, kommunal, lizinq, kredit, icarə haqqı və s. ödənişlər “ASAN ödəniş” sisteminin www.asanpay.az ödəniş portalı və terminalları eləcə də, sistemə qoşulmuş digər ödəniş portalları və terminalları vasitəsi ilə təmin edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır