Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi və sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

Aprelin 25-də bu istiqamətdə növbəti tədbir Xəzər rayonunun Mərdəkan qəsəbəsində keçirilib.

Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan zeytunçuluq və istixana təsərrüfatlarının yaradılması, badam bağının salınması, ət kəsimi və corab istehsalı müəssisələrinin yaradılması, startap layihələrinin maliyyələşdirilməsi üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji kursuna uyğun olaraq, özəl sektorun sürətli inkişafına nail ounduğunu, sahibkarlıq fəaliyyətinin daha da genişlənməsi üçün sistemli və ardıcıl tədbirlərin, kompleks islahatların həyata keçirildiyini, əlverişli işgüzar mühitin yaradıldığını vurğulayıb.

Dövlət başçısının Sərəncamı ilə təsis olunan və artıq dördüncü ildir ki, qeyd edilən “Sahibkarlar Günü” də sahibkarlığa göstərilən böyük diqqət və qayğının daha bir nümunəsidir. Sahib Məmmədov özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri, Sahibkarlığln İnkişafı Fondunun özəl bölmənin inkişafında, Bakı qəsəbələrində və regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib. Qeyd edilib ki, indiyədək Bakı şəhəri, həmçinin onun kənd və qəsəbələrində faəliyyət göstərən sahibkarlıq subyektlərinin 2500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 600 milyon manat güzəştli kredit verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır