“Azərbaycan Dəmir Yolları” QSCtərəfindən Bakı-Tbilisi-Qars dəmir yolu xətti bağlantısının reallaşması istiqamətində işlər sürətlə davam edir. Bağlantının Gürcüstan hissəsində üç mərhələdə tikinti-reabilitasiya və Axalkalaki – Kartsaxi (Türkiyə sərhədi) sahəsində tikinti işləri həyata keçirilməyə başlanıb və işlər tamamlanmaq üzrədir. Artıq bəzi sınaqlar həyata keçirilib. Bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə kimi qatarların dizel ilə işləyən lokomotivlərlə bir neçə dəfə sınağı baş tutub. İşçi qatarları müntəzəm hərəkətdədir. Lokomotivlər bütün yol boyunca maneəsiz hərəkət edə bilir.
Axalkalaki stansiyasını Axalkalaki – Kartsaxi (Türkiyə sərhədi) ərazisindəki dəmir yolu ilə birləşdirən 6 dayaqlı 153 metrlik körpünün tikintisində işlər başa çatdırılıb. Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin müvafiq əmri ilə istismara qəbul edilib. Sərhəddə tikilən 4450 metr uzunluğunda tunelin Gürcüstan hissəsinə düşən 2070 metr hissəsində (portalla birlikdə) qazma işləri başa çatdırılıb, son 90 metrdə betonlama işləri aparılır.
Qeyd edək ki, proqnozlar göstərir ki, bu dəmir yolu xətti vasitəsilə ilk illərdə 5 milyon ton, növbəti illərdə isə 15 milyon tona qədər yükün daşınması mümkün olacaq. Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının bu il istismara verilməsi gözlənilir.