Bakı və bölgələrdə “Gənclərin Məşğulluğu Proqramı”na dair təqdimatlar keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Azərbaycan Respublikası Gənclər Fondunun “Gənclərin Məşğulluğu Proqramı”na dair Bakıda və bölgələrdə gənclər üçün təqdimatlar keçirilib.

Dövlət Məşğulluq Xidmətinin və Gənclər Fondunun əməkdaşları tərəfindən Proqramın  gənclər üçün açdığı imkanlar və proqramda iştirak şərtləri barədə məlumat verilib.

Bildirilib ki, yaşı 18-29 olan, orta-ixtisas təhsil müəssisələri və ya ali təhsil müəssisələrini bitirən və hazırda heç bir yerdə çalışmayan şəxslər “Gənclərin Məşğulluğu Proqramı”nda iştirak etmək üçün elektron formada qeydiyyatdan keçə bilərlər. Müraciəti müsbət cavablandırılan gənclər işə cəlb olunacaq və onların əmək haqlarının 50 faizə qədəri 12 ay müddətinədək Gənclər Fondu tərəfindən subsidiya formasında ödəniləcək.  Maliyyələşmə üzrə qərar qəbul edilərkən iş təcrübəsi olmayan, sosial cəhətdən həssas kateqoriyadan olan və region gənclərinə üstünlük veriləcək. 

Gənclər, həmçinin, Fond və Xidmət tərəfindən təşkil ediləcək karyera planlaması və peşə təlimlərində iştirak etmək imkanı da  əldə edəcəklər.
İştirak etmək istəyən gənclər Fondun internet səhifəsində (www.youthfoundation.az) qeydiyyatdan keçərək onlayn qaydada müvafiq vakansiyaya müraciət edə bilərlər.

“Gənclərin Məşğulluğu Proqramı”nın təqdimatı prosesi bundan sonra da davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır