“Bakı yanaşması”nın hüquqi mexanizmlərinin yaradılması məsələləri müzakirə olunub

2018-ci il 31 yanvar tarixində  Azərbaycan Banklar Assosiasiyasında “Bakı yanaşması” adlı sənədin müzakirəsi ilə əlaqədar  iclas keçirilib. İclasda Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank , Vergilər Nazirliyi,  Ədliyyə Nazirliyi və kommersiya banklarının nümayəndələri iştirak ediblər.

BBN.az xəbər verir ki, tədbirdə qeyri-işlək aktivlərin (QİA) idarə edilməsi üzrə “Bakı yanaşması”nın hüquqi mexanizmlərinin yaradılması  məsələləri müzakirə olunub. Bankların səlahiyyətli nümayəndələrinin təklifləri dinlənilib.

Belə ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) “Maliyyə xidmətlərinin inkişafına dair Strtaeji Yol Xəritəsi”nin “Qeyri-işlək aktivlərin idarə edilməsi üzrə hüquqi müxanizmlərin yaradılması” sərlövhəli 1.2.1-ci tədbirinin icrası üzrə “Bakı yanaşması” adlı sənədin hazırlanması üzərində iş aparır.

Palata nümayəndələri ilə birgə işçi qrupunun yaradılması məqsədilə prosesə qoşulmaqda maraqlı olan banklar və onları prosesdə təmsil edəcək səlahiyyətli nümayəndələr (idarə heyətinin sədri və ya üzvləri səviyyəsində) Azərbaycan Banklar Assosiasiyası tərəfindən banklara müraciət edilərək müəyyənləşdirilib.

İclasın sonunda qərara alınıb ki, “Bakı yanaşması” sənədi ilə əlaqədar ABA-ya üzv təşkilatların rəy və təklifləri yazılı şəkildə ABA-ya bildirilsin.

Qeyd edək ki, ABA 1990-cu ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 29 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır