Bakıda 3-cü SOCAR Beynəlxalq Forumu keçiriləcək

Bakı Ali Neft Məktəbində (BANM) 23-26 aprel tarixlərində 3-cü SOCAR Beynəlxalq “DOWNSTREAM Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya” Forumu təşkil ediləcək. Qeyd edilən forum SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək. Tədbirdə ölkəmizlə yanaşı Türkiyə, Ukrayna, İran, Qazaxıstan, Qırğızıstan, Rusiya, Türkmənistan, Gürcüstan və digər ölkələrin nümayəndələri iştirak edəcək. Forumun keçirilməsində məqsəd Xəzər və Mərkəzi Asiya regionunda karbohidrogen ehtiyatlarının ticarəti və satışı məsələləri üzrə ən son tendensiyalar və inkişaf perspektivlərinin təhlil edilməsidir.

Həmçinin Xəzəryani və Mərkəzi Asiya regionları ölkələrinin neft emalı sənayelərinin texnoloji vəziyyəti və kommersiya mövqeləri, neft emalı sahələrinin tikintisi və modernizasiyası layihələrinin səmərəli idarə olunması, regionda neft-kimya məhsullarına olan tələb və təkliflərin analizi, onların ixrac potensialı kimi məsələlər müzakirə olunacaq.

Qeyd edək ki 3-cü SOCAR Beynəlxalq Forumu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır