Bakıda AMAL gənclərinin I toplantısı keçiriləcək

Sabah Bakıda Aqrar Məşğulluğun Artırılması Layihəsi çərçivəsində AMAL Gənclərinin I Toplantısı keçiriləcək. “Hyatt Regency” Konfran Mərkəzinin “Quba” zalında keçiriləcək tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi, Gənclər və İdman Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Gənclər Fondunun, FAO-nun rəsmi şəxsləri iştirak edəcəklər. Tədbirdə AMAL layihəsində iştira edən 30-dən artıq gəncin iştirakı nəzərdə tutulur.

Açılış mərasimindən sonra “Kənd yerlərində gənclərin məşğulluğu” və“Aqrar sahədə gənclərin məşğulluğunun artırılması üçün yeni imkanlar – AMAL layihəsi” mövzularında sessiyaların keçirilməsi nəzərdə tutulur. Sessiyalar başa çatdıqdan sonra Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev AMAl layihəsinin iştirakçılarının suallarını cavablandıracaq.

Layihə çərçivəsində Gənc Fermerlər Proqramı və Kənd Təsərrüfatı Sahəsində Peşə Təhsili Proqramı həyata keçirilməklə, gənclərin məşğulluq imkanlarının artırılması üçün zəruri olan bilik və bacarıqlara sahib olması, texnoloji yeniliklərin tətbiq edilməsi və ətraf mühitin qorunması ilə bağlı müvafiq təlimlərin keçirilməsi nəzərdə tutulub.

“AMAL” layihəsinin əsas məqsədlərindən biri də regionlarda yaşayan və kənd təsərrüfatı ilə məşğul olmaq istəyən gənc xanımların və məcburi köçkün ailələrindən olan gənclərin bu sahədə biznes ideyalarının reallaşmasına və sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək verməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır