13-16 mart 2018-ci il tarixlərində Hindistanın PHD Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Bakıda “Best of İndia Exhibition” adlı ticarət sərgisi keçiriləcək.
BBN.az xəbər verir ki, sərgidə Hindistandan düyü, buğda məmulatları, plastik materiallar, elektron məişət avadanlıqları, çay, qiymətli daşlar və zərgərlik əşyaları, geyim, əczaçılıq malları, velosiped və velosiped hissələri istehsalçıları və digər müxtəlif sektorları təmsil edən şirkətlərin məhsulları nümayiş olunacaq.
Sərgi Hindistanın Ticarət və Sənaye Nazirliyi , Hindistanın Azərbaycandakı səfirliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə “Amay” ticarət mərkəzində baş tutacaq.
Qeyd edək ki, 1905-ci ildə yaradılan PHD (Progress Harmony for Development- İnkişaf üçün Tərəqqi Harmoniyası) Ticarət və Sənaye Palatası (PHD Chamber Of Commerce and Industry) 48,000 sahibkarlar subyektini özündə birləşdirən Hindistanın ən qədim və böyük ticarət palatalarından biri hesab olunur.