Dekabrın 8-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (İCD) təşkilatçılığı ilə Beynəlxalq İnvestisiya Konfransı keçirilib.
Tədbirdə 24 ölkədən kənd təsərrüfatı, ərzaq, sənaye, maliyyə xidmətləri, təhsil və turizm sahələrində fəaliyyət göstərən 200-ə yaxın iş adamı iştirak edib.
İndiyədək İslam İnkişaf Bankı tərəfindən ölkəmizə iqtisadiyyatın müxtəlif sahələri üzrə 18 layihə çərçivəsində 1 mlrd. ABŞ dollarına yaxın vəsait ayrılıb. Bu layihələrin 14-ü başa çatıb, 4-ü isə davam edir.
İCD tərəfindən indiyədək ölkəmizə kiçik və orta sahibkarlığın dəstəklənməsi ilə bağlı 14 layihə üzrə 130 mln. ABŞ dolları məbləğində investisiya yatırılıb. 2007-ci ildə Azərbaycan İnvestisiya Şirkəti ilə birgə “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” təsis edilib
Eyni zamanda tədbirdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.