30-31 may tarixlərində Bakıda 25-ci Beynəlxalq Xəzər “Neft və Qaz” Yubiley Konfransı (Caspian Oil&Gas 2018) keçiriləcək.
BBN.az xəbər verir ki, bu barədə sərginin təşkilatçısı ITE Group şirktindən məlumat verilib. COGC-2018 konfransı Azərbaycan Energetika Nazirliyi və SOCAR Şirkətinin rəsmi dəstəyi ilə keçiriləcək.
Konfransda Xəzər regionu və Azərbaycanın neft-qaz sənayesinin inkişafı perspektivlərinə dair məsələlərə toxunulacaq. Xüsusilə, neft-qaz layihələrinə sərmayələr, SOCAR-ın həm neft hasilatı, həm də neft-kimya və neft emalı sahəsində həyata keçirdiyi layihələr, ekologiya və sənaye təhlükəsizliyi sahələrində qabaqcıl texnologiyaların tətbiqi və milli kadrların hazırlanması məsələləri müzakirə olunacaq.
Konfransın işində energetika naziri Pərviz Şahbazov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Geri Cons iştirak edəcəklər.
O cümlədən, məruzəçi qismində Petro Vietnam Oil and Gas Group-un prezidenti və icraçı direktoru Çao Xoai Duonq, Total şirkətinin Avropa və Xəzər regionu üzrə vitse-prezidenti Bernard Klement, ENI şirkətinin Mərkəzi Asiya üzrə ictaçı vitse-prezidenti Luka Viqnati və Saipem şirkətinin icraçı direktoru Stefano Çaonun iştirakı gözlənilir.