Bakıda ikinci “Shoppinq Festival” keçirilir

“Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2016-cı il tarixli Sərəncamında və “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə ölkəmizdə müasir turizm sənayesinin formalaşdırılması, onun ölkə iqtisadiyyatındakı xüsusi çəkisinin daha da artırılması, turizmdən gələn gəlirlərin çoxalması, eləcə də Azərbaycanın turizm cəlbediciliyinin yüksəldilməsi və xarici turistlərin ölkəyə gəlişinin stimullaşdırılması məqsədilə 2017-ci ildən başlayaraq hər il ölkədə ticarət festivallarının (“shoppinq festival”) keçirilməsi nəzərdə tutulur.

Artıq cari ilin 10 aprel – 10 may tarixlərində Bakıda ilk “Baku Shopping Festival”ı uğurla keçirilib.
15 oktyabrdan isə Bakıda ikinci “Baku Shopping Festival” başlayıb. Festival cəlbedici təkliflər və geniş miqyaslı təbliğat vasitəsilə ölkəyə gələn turistlərin sayını artırmaq, turizm, mehmanxana xidməti, ticarət, nəqliyyat və digər sahələrin inkişafına təkan vermək məqsədini daşıyır.

Noyabrın 15-dək davam edəcək festivalda həm yerli, həm də xarici vətəndaşlar Bakıda yerləşən və üzərində “Tax Free” nişanı olan 400-dən çox ticarət obyektindən dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları xüsusi kampaniya və endirimlərlə əldə edə bilərlər. Bundan başqa, alıcılar həmin mağazalardan 100 AZN-dən çox alış-veriş etdikdə aldıqları məhsulların əlavə dəyər vergisinin (ƏDV) müəyyən qismini nağd və bank hesabına (karta) köçürmə yolu ilə geri ala biləcək. Festival zamanı interaktiv oyunlar, moda nümayişləri və digər müxtəlif xarakterli tədbirlərin təşkili də nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır