İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİKTM) dünyanın aparıcı audit şirkətlərindən olan KPMG ilə birgə Korporativ İdarəetmə üzrə təlim-seminar keçirib.
Seminarda, korporativ idarəetmənin inkişafı, aktuallığı, standartları və əsas prinsipləri üzrə beynəlxalq təcrübəyə baxılıb və bu istiqamətdə müzakirələr aparılıb. Bununla yanaşı, seminar iştirakçılarına daxili audit, daxili nəzarət, risklərin idarə olunması sistemləri, və dayanıqlı inkişafın təmin olunması barədə ətraflı məlumat verilib.
Təlim-seminarda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı açılış nitqi ilə çıxış edib.
KPMG Azərbaycan ofisinin idarəçi partnyoru Vüqar Əliyev korporativ idarəetmə prinsiplərinin şirkət üçün əsas strateji istiqamətlərdən biri olduğunu vurğulayıb. O, Azərbaycanda özəl və dövlət şirkətlərində korporativ idarəetmə standartlarının tətbiqi istiqamətində müxtəlif sahələrdə geniş əməkdaşlığın aparıldığını təlim iştirakçılarının nəzərinə çatdırıb. İdarəçi partnyor növbəti illərdə də bu istiqamətdə əməkdaşlıqların inkişaf etdirilməsinin şirkətin əsas prioritet sahələrindən biri olacağını qeyd edib.
Ödənişsiz təşkil olunan təlim-seminarda İqtisadiyyat Nazirliyi, Milli Elmlər Akademiyası, Dövlət Neft Fondu, Maliyyə Bazarlarına Nəzarət Palatası, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Aztelekom MMC, Dənizkənarı Bulvar İdarəsi kimi qurumların səlahiyyətli nümayəndələri iştirak edib.
Qeyd edək ki, 2 gün davam edən təlimin sonunda iştirakçılara İİTKM və KPMG –nin birgə sertifikatları təqdim olunacaq