Bakıda Regional Rabitə Birliyinin beynəlxalq tədbiri öz işinə başlayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstəyi ilə Bakıda Regional Rabitə Birliyinin (RRB) Beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi üzrə Komissiyasının 33-cü iclası və bu Komissiyanın Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) ilə iş üzrə İşçı Qrupunun 18-ci iclası keçirilir.

Tədbirlərdə RRB-nin üzvü olan ölkələr, o cümlədən Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və digər ölkələrin rabitə administrasiyalarının səlahiyyətli nümayəndələri və ekspertlər iştirak edib.

Avqustun 29-da keçirilmiş İşçi qrupun iclasına RRB-nin BTİ ilə iş üzrə İşçı Qrupunun sədri Minkin Vladimir Markoviç rəhbərlik edib. İclasda 2017-ci ilin 9-20 oktyabr tarixlərində Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək BTİ-nin Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransına (WTDC-17) hazırlıq məsələləri, o cümlədən Konfransda qəbul olunacaq qərarlara dair RRB üzv-dövlətləri tərəfindən hazırlanmış 39 sənəd layihəsi, Konfransın rəhbər qurumlarına namizədlər müzakirə olunub.

Həmçinin, Beynəlxalq Telekommunikasiya İttifaqının 2018-ci ildə baş tutacaq Səlahiyyətli Konfransına, RRB-nin 2020-ci ildə Telekommunikasiyanın Standartlaşdırılması üzrə Ümumdünya Assambleyasına hazırlığı müzakirə edilib.

Qeyd edək ki, avqustun 30-da isə Rəşid İsmayılovun sədrliyi ilə Komissiyanın 33-cü iclası keçirilib. Komissiyanın iclasında İşçi qrupda hazırlanmış sənəd layihələri müzakirə edilib və qərarlar qəbul edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır