Balakən rayonunda işgüzar forum keçirilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu noyabrın 30-da Balakən rayonunda işgüzar forum keçirib.

İşgüzar forumda çıxış edən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Samir Hümbətov bildirib ki, 2017-ci ilin ötən dövrü ərzində 1700-dək sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsi məqsədilə 114 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5100-dək yeni iş yerinin yaradılmasına imkan verir.

Qeyd edilib ki, ümumilikdə indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2270-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 102,4 milyon manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 874 min manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, quşçuluq, bağçılıq, tütünçülük, mebel istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 150-dək yeni iş yerinin açılması mümkün olacaq.

Qeyd edək ki, bu ilin ötən dövrü ərzində tütünçülüyün inkişafı ilə bağlı 100-dək sahibkara 1,6 milyon manat güzəştli kredit verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır