“Bank haqqında” Qanunda 2 fəsil ləğv ediləcək
Bu sözləri Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquq təminatı idarəsinin rəisi Nurlan Babayev İlk Bankçılıq Forumunun “Bank qanunvericiliyi: problemlər və perspektivlər” panelində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, “Bank haqqında” Qanunda VII fəsil (Müvəqqəti inzibatçı) və VIII fəsil (Bankların maliyyə sağlamlaşdırılması) ləğv olunması, əvəzinə yeni VIII fəsil (Ödəmə qabiliyyətini itirmiş bankın restrukturizasiyası) əlavə edilməsi nəzərdə tutulur.
Həmçinin Qanuna “alıcı bank”, “investor”, “körpü bank”, “ödəmə qabiliyyətini itirmiş bank”, “sistem əhəmiyyətli bank” kimi yeni anlayışlar əlavə ediləcək.
Ümumilikdə qanunda aşağıdakı məsələlərin öz əksini tapması nəzərdə tutulur:
- Müvəqqəti inzibatçının təyin edilməsi, fəaliyyəti, səlahiyyətləri, fəaliyyətinə nəzarət
- Ödəmə qabiliyyətini itirmiş (ÖQİ) bankın aktivlərinin pisləşməsinin və mümkün zərərin qarşısının alınması
- ÖQİ bankın restrukturizasiyası, aktiv və öhdəliklərinin köçürülməsi
- ÖQİ bankın satılması
- Körpü bankın yaradılması və satışı
- Sistem əhəmiyyətli banklar
- Clawback
- Bail-in
Bundan əlavə qanunda Əmanətlərin Sığortalanması Fondunun ÖQİ banka maliyyə yardımı göstərməsinin hüquqi mexanizminə də baxılacaq.