Qanunvericilikdə baş verən son dəyişikliklər nəticəsində bank hesabları ilə əlaqədar münasibətləri tənzimləmək səlahiyyəti Mərkəzi Bankdan Maliyyə Bazarlarına Nərzarət Palatasına ötürülmüşdür. Amma bu istiqamətdə yeni bir normativ hüquqi akt qəbul olunmadığı üçün bu münasibətlərin hazırda necə tənzimlənməsi ilə bağlı müəyyən suallar meydana gəlib. Bu istiqamətdə Azərbaycan Banklar Assosiasiyasının “Çirkli pulların yuyulmasına qarşı mübarizə və komplayns üzrə” Ekspert Qrupunun rəhbəri Anar Kərimov BBN.az-ın suallarını cavablandırıb.
Müsahibə ilə aşağıdan tanış ola bilərsiniz:
- Bir bankda cari hesab açmaq üçün fiziki və hüquqi şəxslər hansı prosedurlardan keçməlidirlər? Bunun üçün onlardan hansı sənədlər tələb olunur?
Prosesın aparılma ardıcıllığı müxtəlif banklarda, onların biznes strategiyası, xidmət göstərdiyi müştəri qruplarının xüsusiyyətlərindən asılı olaraq fərqli qurulsa və ya prosesin başa çatdırılması üçün tələb olunan sənədlər üzrə müəyyən mənada fərqlilik olsa da, ümumiyyətlə prosesin icrası hər bir bankda eyni məqsədə xidmət etməlidir: hesabın açılması zamanı tələb olunan sənədlərin təqdim edilməsi, təqdim edilmiş məlumat və təsdiqləyici sənədlər əsasında müştərinin qiymətləndirilməsi, hesab müqaviləsi şərtlərinin (tarif və komissiyaların dərəcələri daxil olmaqla) razılaşdırılması, müqavilənin imzalanması və xidmətlərin təqdim edilməsi.
Qanunvericilikdə edilən son dəyişikliklərə əsasən, Mərkəzi Bankın bank hesablarının növlərini, onların açılması, aparılması və bağlanması qaydalarını müəyyən etmək səlahiyyətləri də ləğv edilmişdir. Müvafiq səlahiyyətin ləğv edilməsinə baxmayaraq, müvafiq münasibətləri tənzimləyən yeni normativ akt qəbul və tətbiq edilmədiyi üçün, banklar müştərilərlə, hesab açılması, aparılması və bağlanması münasibətlərini Azərbaycan Respublikası Mərkəzi Bankının 03 dekabr 2012-ci il tarixli 29/2 qərarı ilə təsdiq edilmiş Banklarda hesabların açılması, aparılması və bağlanması qaydaları əsasında tənzimləyirlər. Azərbaycan Respublikası Mərkəzi Bankının 03 dekabr 2012-ci il tarixli 29/2 qərarı ilə təsdiq edilmiş Banklarda hesabların açılması, aparılması və bağlanması qaydalarının tələblərinə əsasən bank hesablarının açılması üçün müraciət edən şəxslərin müraciətlərinə hər bir bankın daxili qaydaları ilə tənzimləndiyi müəyyənləşdirilsə də, qaydalarda banklarda hesabların açılması üçün tələb olunan minimal sənədlərin dairəsi açıqlanmışdır:
- Fiziki şəxslərin şəxsi məqsədlər üçün (sahibkarlıq fəaliyyəti məqsədləri üçün nəzərdə tutulmayan) bank hesabı fərdin bank hesabının açılması barədə ərizəsi, onun şəxsiyyətini təsdiq edən sənəd və imza nümunəsi vərəqəsi əsasında açılır. Şəxsiyyəti təsdiq edən sənədin növü fərdin vətəndaşlıq mənsubiyyəti və statusundan, hərbi vəzifəsindən və hərbi mükəlləfiyyətindən asılı olaraq müxtəlif ola bilər.
- Hüquqi şəxs yaratmadan fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslər yuxarıda qeyd olunmuş sənədlərə əlavə olaraq, vergi orqanı tərəfindən fərdi sahibkara verilmiş şəhadətnamə dublikatın təqdim edilməsi də təmin etməlidirlər.
- Hüquqi şəxslər həmçinin onların filial və nümayəndəliklərinə, dövlət orqanlarına, bələdiyyələrə, həmkarlar ittifaqının ilk təşkilatına, ailə kəndli təsərrüfatına, banklar və bank olmayan kredit təşkilatlarına, qeyri-rezidentlərə, bank hesablarının açılması xüsusiyyətləri nəzərə alınmaqla bəzi spesifik sənədlərin təqdim edilməsi tələb olunur.
- Hesab üzrə əməliyyatlar necə aparılır? Hansı hallarda bank müştərinin göstərişi olmadan vəsaitə tutmalar yönəldə bilər?
Pul vəsaitinin hesabdan silinməsi müştərinin təqdim etdiyi sərəncam əsasında həyata keçirilir. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı və ya qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 17 sentyabr 2013-cü il tarixli 19/1 qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında təlimata əsasən nağdsız hesablaşmaların – ödəniş tapşırıqları, ödəniş-tələbnamə tapşırığı, inkasso sərəncamları, AR ƏƏSMN DSMF-nin sərəncamları, vergi və gömrük orqanlarının sərərəncamları əsasında hesablaşmalar fərqləndirilir. Göründüyü kimi hesabdan müştərinin göstərişi olmadan silinmənin həyata keçirilməsini qanuni əsasları mövcuddursa, müvafiq əməliyyatın aparılması mümkündür. Lakin Mülki Məcəlləyə əsasən, müştərinin hesabdakı pul vəsaitinə dair sərəncam vermək hüquqlarının məhdudlaşdırılmasına yol verilmir, amma qanunda nəzərdə tutulan hallarda məhkəmənin qərarı ilə hesabdakı pul vəsaiti üzərinə həbs qoyulduğu və ya hesab əməliyyatlarının dayandırıldığı hallar istisna təşkil edir.
- Cari hesab necə bağlanılır?
Bank hesabı müqaviləsinin ləğv edilməsi, hesabın bağlanmasının hüquqi əsasını təşkil edir. Bank hesabı müqaviləsi müştərinin ərizəsi əsasında və ya müqavilədə qabacadan şrətləşdirilmiş hər hansı şərt əsasında bank tərəfindən birtərəfli qaydada, həmçinin, dövlət büdcəsindən və Naxçıvan MR-in büdcəsindən maliyyələşən təçkilatlara bank hesabının açılması üçün AR Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinin icazəsi geri çağrıldıqda, şəhadətnamə dublikatın etibarsız hesab olunması barədə vergi orqanının məlumatı daxil olduqda və ya məhkəmə qaydasında ləğv edilir. Məhkəmə qaydasında hesabın bağlanmasının təmin edilməsinin Mülki Məcəllənin müəyyən etdiyi bir neçə məqamı mövcuddur ki, hesabdakı pul vəsaitinin məbləği bank qaydaları və ya müqavilə ilə nəzərdə tutulmuş minimum miqdardan az olduqda və belə məbləğ bankın bu barədə xəbərdarlıq etdiyi gündən bir ay ərzində bərpa edilmədikdə; müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa bir il ərzində hesab üzrə əməliyyatlar aparılmadıqda; ciddi əsaslar olduqda – hesab sahibinin bank hesabından qeyri-leqal məqsədlər üçün istifadə etməsi sübut edildikdə. Hesabdakı pul vəsaitinin qalığı müştəriyə verilir və ya müştərinin göstərişi ilə onun müvafiq yazılı ərizəsinin alındığı gündən ən geci yeddi gün keçənədək başqa hesaba köçürülür.hesabın qalığı müştəri tərəfindən geri alınmadıqda və ya vəsaitin köçürülməli olan hesab bildirilmədikdə, vəsait müvafiq müştəri kateqoriyasının bağlanmış hesablarının uçotu aparılan hesab köçürülür və müştəri rəsmi məlumatlandırılır.
- Əgər müştəri bank hesabını illərdir istifadə etmirsə, bank bu hesabı birtərəfli olaraq nə qədər vaxtdan sonra bağlaya bilər?
Müqavilədə hesabın istifadə edilməyəcəyi halda bağlanacağı barədə şərt varsa və müddət müəyyənləşdirilibsə, müvafiq müddət ərzində istifadə edilməyən hesab bank tərəfindən birtərəfli qaydada bağlana bilər. Hesab bağlanarkən müştəri ilə əlaqə yaradılması həmçinin hesab qalığının müştərinin istəyi əsasında köçürülməsi və ya nağdlaşdırılaraq ona təqdim edilməsi təmin edilməlidir. Müştərinin hesab qalığını geri almaması hesabın bağlanmasına hər hansı çətinlik yaratmır. Bu halda hesabın qalığı müştəri kateqoriyasının bağlanmış hesabların uçotur aparılan hesaba köçürülür, hesab bağlanılır və müştəri bu barədə məlumatlandırılır. Müştəri hesab bağlandıqdan sonra banka müraciət edikdə hesabı bağlanarkən hesabının qalığındakı vəsaitin ona qaytarılması və ya vəfat etmiş şəxslərin əmanət hesabları üzrə vəsaitin qalığının hüquqi rejimi qanunverciliyə uyğun qaydada həll edilir.
Maliyyə-bank sisteminə aid ekspert rəyləri ilə tanış olmaq üçün Azərbaycan Banklar Assosiasiyasının rəsmi məlumat portalı olan BBN.az saytının aşağıdakı linkdə göstərilən facebook səhifəsini bəyənmək kifayətdir:
https://www.facebook.com/BBNNEWS/