Hansı hallarda bank müştəriyə elektron qaimə-faktura təqdim etməlidir?

Banklar xidmət göstərdikləri hüquqi və fiziki şəxslərə xidmətlərin dəyyərini əks etdircək elektron qaimə-fakturanı bəzi hallarda aylıq, bəzi hallarda isə birdəfəlik olaraq təqdim etməlidirlər.

Bəs bu hallar hansılardır?

BBN.az analitika portalına Azərbaycan Banklar Assosiasiyasından daxil olan məlumata əsasən,  bu haqda məlumat Vergilər Nazirliyi tərəfindən banklara ünvanlanan məktubda qeyd edilib.

Bildirilib ki, bank tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara maliyyə xidmətlərinin (depozitlərin idarə edilməsi, tədiyyələr, köçürmələr və s.) göstərilməsi tərəflər arasında bağlanmış müqavilələrlə tənzimlənir. Bağlanmış müqavilələr əsasında hüquqi şəxslərə və fərdi sahibkarlara göstərilən xidmətlər (maliyyə xidmətləri, dövrü olaraq yerinə yetirilən inkassasiya xidmətləri, seyf xidmətləri və digər bu kimi xidmətlər) müntəzəm və ya daimi əsasda göstərildiyindən həmin xidmətlərə görə alıcılara hər ayın yekunları üzrə göstərilən xidmətlərin ümumi dəyərinə elektron qaimə-faktura təqdim edilməlidir.

Bunlarla yanaşı, bank tərəfindən müntəzəm və ya daimi əsasda göstərilməyən birdəfəlik xidmətlərə, habelə çek kitabçalarının satışına görə hər əməliyyat üzrə ayrılıqda elektron qaimə-faktura təqdim edilir.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 16.1.11-6-cı, 71-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli, 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları” ilə  tənzimlənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır