Bank Ombudsmanı Dünya Bankının rəsmi nümayəndələri ilə görüşüb

Bank Ombudsmanı İkram Kərimov Katibliyin inzibati ofisində Dünya Bankının baş maliyyə məsləhətçisi – mütəxəssis İvor İstuk və baş maliyyə məsləhətçisi – exspert xanım Rosamund Clare Grady ilə görüşüb. Görüşdə Azərbaycan Baklar Assosiasiyasının İcraçı direktoru Yunus Abdulov, Assosiasiyanın Baş iqtisadçısı Bəhruz Əhmədov və Bank Ombudsmanının Məsul katibi Elçin Həsənov iştirak edib. Görüşün əsas məqsədi Azərbaycanda yenicə yaradılmış Bank Ombudsmanı və görülmüş işlər haqqında məlumat almaq və fikir mübadiləsi aparmaq olub.

İ.Kərimov ilk öncə qonaqlara Bank Ombudsmanının yaranma zərurəti, görülmüş işlər, müraciətlərin statistikası, tərəfdaş banklar, qarşıya çıxan problemlər və onların həlli yolları, qurumun beynəlxalq əlaqələri haqqında məlumat vermiş və gələcəkdə görülməli olan işlərdən danışıb. O, müasir dövrdə banklar ilə  müştərilər arasında yaranan fikir ayrılıqlarının məhkəmədən getmədən həllinin böyük əhəmiyyət kəsdiyini vurğulayıb, az təminatlı ailələrin qarşılaşdıqları bu probləmlərin həllinə nail olmasının vacibliyini xüsusilə qeyd edib. Bu sahədə olan beynəlxalq təcrübənin, eləcədə Dünya Bankının verə biləcəyi dəstəyin önəmli olduğunu qonaqların nəzərinə çatdırıb.

Dünya Bankının nümayəndələri isə, öz növbəsində Azərbaycanda belə bir institutun yaranmasının mühüm və yerində atılmış bir qərar olduğunu bildirib, bu sahədə görülən işləri yüksək qiymətləndiriblər. Onlar ümid ediblər ki, bu fəaliyyətin uğurla inkişafına nail olunacaq və problemli kreditlərin sayının azalmasında böyük irəlləyiş əldə ediləcək.

Qonaqlar İ.Kərimova işlərində uğurlar arzulayıb və bu görüşə görə təşəkkülərini bildirib. Qonaqları maraqlandıran digər suallara ətraflı cavab verilib.

Sonda Bank Ombudsmanı ilə Dünya Bankı arasında olan əməkdaşlığın daha yüksək səviyyədə davam etdirilməsi və Dünya Bankı tərəfindən hər bir sahədə dəstək veriləcəyi haqqında razılıq əldə olunub.

Qeyd edək ki,  Bank Ombudsmanın yaradılması haqında qərar Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağının  3 fevral 2017-ci il tarixli iclasında qəbul edilib. Hazırda Bank Ombudsmanı 25 bank  və 1 bank olmayan kredit təşkilatı üzrə daxil olan məsələlərə baxır.  Həmçinin digər banklarla, onların müştəriləri olan fiziki şəxslərin iştirakı ilə mübahisələrin baxılmaq üçün Bank Ombudsmanına verilməsi haqqında Bəyənnamənin imzalanması üzərində danışıqlar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır