Bank Ombudsmanına daxil olmuş müraciət üzrə vətəndaşla bank arasında ilk Barışıq Sazişi imzalanıb

2 noyabr 2017-ci il tarixində Bank Ombudsmanının inzibati ofisində vətəndaş Bağırov Abit Abdulla oğlu ilə fikir ayrılığı yarandığı bank – “Muğanbank”ın Katibliyə daxil olan müraciətlərə baxılması və Barışıq sazişinin bağlanılması üçün səlahiyyətli nümayəndəsi – Bankın İdarə Heyəti sədrinin hüquq məsələri üzrə müşaviri Sahib Daşdəmirovun iştirakı ilə görüş keçirilib.

Görüş zamanı Bank Ombudsmanı öncə tərəfləri dinləyib və fikir ayrılığına səbəb olan məqamları aydınlaşdırıb.Vətəndaşın müraciətinə əsasən, tərəflər arasındakı fikir ayrılığı vətəndaşın banka  ABŞ dollarında olan qalıq borcunun olması ilə bağlı yaranıb. Müzakirələrdən sonra bank vətəndaşın səhhətində olan problemləri, şəkərli diabet xəstəsi olmasını, 70 yaşında insult keçirməsini, həmçinin sosial dolanışıq vəziyyətini nəzərə alaraq, qalıq borc məbləğini vətəndaşın xeyrinə tam həcmdə güzəştə getməyə razı olduğunu bildirib. Bu razılıqdan vətəndaş həm Bank Ombudsmanı İkram Kərimova, həm də ona bu məbləği güzəşt etmiş “Muğanbank”ın rəhbərliyinə öz dərin təşəkkürlərini çatdırıb.

Razılıq əldə olunduqdan sonra, Bank Ombudmanı İ.Kərimovun iştirakı ilə vətəndaş Bağırov Abit Abdulla oğlu ilə “Muğanbank”ın səlahiyyətli nümayəndəsi Sahib Daşdəmirov arasında ilk Barışıq sazişi imzalanıb.

Qeyd edək ki,  Bank Ombudsmanın yaradılması haqında qərar Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağının  3 fevral 2017-ci il tarixli iclasında qəbul edilib. Hazırda Bank Ombudsmanı 25 bank  və 1 bank olmayan kredit təşkilatı üzrə daxil olan məsələlərə baxır.  Həmçinin digər banklarla, onların müştəriləri olan fiziki şəxslərin iştirakı ilə mübahisələrin baxılmaq üçün Bank Ombudsmanına verilməsi haqqında Bəyənnamənin imzalanması üzərində danışıqlar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır