24-25 noyabr tarixlərində maliyyə-bank sisteminin post-neft dövrünə adaptasiyası, maliyyə dayanıqlığına dair məsələlərinin müzakirəsi, bankçılıq sahəsində yeniliklər və innovasiyalar barədə qabaqcıl təcrübələrin öyrənilməsi məksədi ilə Azərbaycanda ilk bankçılıq forumu keçiriləcək. Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər” adı altında keçiriləcək Forumda maliyyə-iqtisad sahəsində tənzimləyici və nəzarət orqanlarının yuxarı menecmenti, kommersiya banklarının yuxarı menecmenti, biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin ölkəmizdəki səfirliklərinin nümayəndələri, həmçinin digər ölkələrdən dəvətlilər iştirak edəcəklər.
Forumda iştirakçılar arasında Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vuqar Qasımlı, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov olacaqdır.
Dörd paneldən ibarət olacaq Forumda ilk müzakirə olunacaq mövzu “Post-neft dövrünün çağırışları: yeni iqtisadi strategiya” olacaqdır. Bu panel çərçivəsində bank-maliyyə sektoruda və ümumilikdə iqtisadiyyatda baş verməsi gözlənilən islahatlar, banklara tətbiq edilən yeni qaydalar, nağdsız hesablaşmalardakı yeni çağırışlar və öklənin ən əsas maliyyə qurumlarından biri olan Neft Fondunun gələcək dövr üçün gəlir və xərc siyasəti ilə bağlı çıxışlar olacaqdır.
Forumun ilk günü baş tutacaq növbəti panel isə “Böhran şəraitində bankların idarə edilməsi və fəaliyyətlərinin diversifikasiyası: dünya təcrübəsindən dərslər” adı altında olacaq. Bu paneldə əsasən xarici ekspertlərin kredit qarantiyası mexanizmi, böhran dövründə xəzinənin idarəsi, Bazel standardlarının tənzimləmədə verdiyi əlavə imkanlar və digər mövzularda çıxışları olacaqdır.
Forumun ikinci günündə də müzakirələr iki paneldə davam edəcəkdir. İkinci günün ilk paneli “Bank qanunvericiliyi: problemlər və perspektivlər” adı altındadır. Bu panel çərçivəsində bank qanunvericiliyindəki yeniliklər, məhkəmə prosesində qarşılaşılan əsas problemlər, məhkəmə qərarlarının icra prosesinin effektivliyinin artırılması və kredit bürolarının gətirəcəyi əlavə imkanlar ilə bağlı məsələlər müzakirə ediləcəkdir.
İkinci günün və ümumilikdə Forumun son paneli isə “Gələcəyin bankları: yeni texnologiyaların gətirdiyi imkanlar və risklər” mövzusunda olacaq. Bu panel elektron bankçılığın inkişaf perspektivləri, İT sahəsində təhlükəsizlik, banklarda dəyişən texnologiyalar və kibertəhlükəsizliyin gücləndirilməsi ilə əlaqədar məsələlər müzakirə ediləcəkdir.