Banklararası şahmat turnirinə start verilib

15 may 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşəbbüskarlığı və Azərbaycan Şahmat Federesiyasının dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş II Banklar Arasında Şahmat üzrə şəxsi komanda çempionatı”nın açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov və Azərbaycan Şahmat Federesiyasının vitse-prezidenti Faiq Həsənov çıxış edərək çempionatı açıq elan edib.

Çempionatda 18 bankın 70-dən çox nümayəndəsi iştirak edir. Yarış “İsveçrə” sistemi üzrə 9 turdan ibarət olaraq FİDE qaydalarına əsasən şəxsi hesab üzrə keçirilir.

Qeyd edək ki, ötən ildən etibarən ABA Azərbaycan Şahmat Federasiyası ilə birgə Azərbaycanda şahmatın kütləviliyini artırmaq və bank sektorunda çalışanların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş banklararası şahmat çempionatını illik əsasda keçirməyi qərara alıb.

Xatırladaq ki, ötən il də təşkil olunmuş şahmat turnirində “Unibank” ın əməkdaşı Mənsimli Rəsul 1-ci yeri qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır