11 avqust 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Marketinq və PR üzrə” Ekspert Qrupu və Qrup üzvü olmayan digər bankların nümayəndələri ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı arasında görüş keçirilib.
Görüşün məqsədi əhalinin rəqəmsal ödənişlərə marağının artırılması məqsədilə cari ildə Mərkəzi Bank tərəfindən təşkil edilməsi nəzərdə tutulan stimullaşdırıcı lotoreyanın şərtlərinin bank nümayəndələrinin diqqətinə çatdırılması olub.
Belə ki, bankların marketinq və pr üzrə nümayəndələri ilə lotoreyanın ümumi məqsədi, məzmunu ətrafında müzakirələr aparılıb. Müzakirələrin mərkəzində isə lotoreyanın marketinq tərəfi və daha çox kütləyə çata bilməsi üçün hansı işlərin görülməsinin lazım olduğu dayanıb. Fikir mübadiləsi zamanı bank nümayəndələrinin təklifləri dinlənilib. Mərkəzi Bankın nümayəndələri isə təkliflərin dəyərləndiriləcəyini və müvafiq dəyişiklərin edilməsi ehtimalının araşdırılacağını vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.