Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ramazan bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.
Bayram ərəfəsində və bayram günlərində sabit telefonların fasiləsiz işinin təmin edilməsi məqsədi ilə rabitə xidmətləri borclarına və digər səbəblərə görə telefonların şəbəkədən açılmaması, eləcə də daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq, operativ tədbir görülməsi nəzərdə tutulur.
Şəhərlərarası nəqliyyat gücləndirilmiş iş rejimində çalışacaq. Eyni zamanda, Bakı Beynəlxalq Avtovağzalının bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyəti təmin ediləcək. Sərnişin sıxlığını nəzərə alaraq, lazımi sayda əlavə avtobus xəttə buraxılacaq.
Qeyd edək ki, vətəndaşlar rastlaşdıqları istənilən problemlə bağlı “1655” saylı “Qaynar Xətt”lə əlaqə saxlaya bilər.