“Bazarda qiymət sabitliyi üçün mühüm faktor olan tələbatın artması yaxın perspektivdə proqnozlaşdırılmır, neftin hazırkı qiymət diapazonunda saxlanılması üçün davamlı dəstək verilməlidir”.
Bu sözləri Energetika naziri Pərviz Şahbazov Vyanada OPEC Nazirlər Şurasının iclasındakı çıxışında qeyd edib.
Nazir tədbirdə yeni ölkələrin iştirakını təqdir edərək, bunu prosesin irəli aparılması üçün mühüm addım hesab edib. Pərviz Şahbazov OPEC çərçivəsində irəli sürülən təşəbbüslərə ilk vaxtdan qoşulan Azərbaycanın gündəlik hasilatı 35 min barrel azaltmaqla bağlı üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirdiyini diqqətə çatdırıb.
“Azərbaycan dövləti olaraq mövqeyimiz bundan ibarətdir ki, hasilatın azaldılması ilə bağlı Sazişin gələn ilin sonuna kimi uzadılması məqsədəuyğundur və belə bir qərar neft bazarında əldə etdiyimiz nailiyyətləri uzunmüddətli etməklə daha da möhkəmləndirə bilər”-deyə energetika naziri əlavə edib.