“Beynəlxalq Əmək Təşkilatı”nın 10-cu Avropa Regional İclası davam edir

Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən Beynəlxalq Əmək Təşkilatının (BƏT) 10-cu Avropa Regional İclasında iştirak edən Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iclas çərçivəsində “Əmək sferasının idarə olunması” mövzusunda keçirilən xüsusi plenar müzakirələr zamanı ölkəmizin əmək bazarında baş verən proseslər və bu proseslərə uyğun olaraq görülən tədbirlər, qarşıda duran hədəflər barədə məlumat verib.

Nazir bu sahədə aparılan işlərin müsbət nəticəsi kimi, Azərbaycanın Dünya İqtisadi Forumu tərəfindən  açıqlanan “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda əmək bazarının səmərəliliyi üzrə mövqeyinin daha 9 pillə irəlilədiyini bildirib: “Dövlət müasir dövrdə əmək bazarında özünü göstərən prosesləri dərindən təhlil edərək, mövcud çağırışları və onlara uyğun şəkildə atılacaq addımları müəyyən edir.  Hazırda əmək bazarına təsir edən amillərdən biri iqtisadiyyatın liberallaşdırılması nəticəsində əmək bazarında özünüməşğul əhalinin, habelə iş vaxtı rejimi baxımından daha çevik əmək münasibətlərinə imkan verən sərbəst (frilanser) işçilərin sayının artmasıdır. Təbii ki, belə işçi kontingentinin əməyinin leqallaşdırılması və bununla əlaqədar milli qanunvericiliyin zəruri dəyişikliklərlə təkmilləşdirilməsi, eləcə də özünüməşğul əhalinin maraqlarının sosial dialoq proseslərində nəzərə alınması diqqətdə saxlanılır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır