Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin birgə təşkilatçılığı ilə 22-24 noyabr 2016-cı il tarixlərində baş tutacaq RecExpo II – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisinə dair 20 oktyabr tarixində mətbuat konfransı keçirilib. Konfransda Komitənin rəsmiləri, sərginin təşkilatçıları, aparıcı media və ictimai təşkilatların nümayəndələri iştirak edib.
Konfransda Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmisi qeyd edib ki, «Baku Expo Mərkəzi»ndə keçiriləcək RecExpo II Sərgisi beynəlxalq inşaat, daşınmaz əmlak və bu sahədə invesitisiya şirkətlərinin layihələrini nümayiş etdirmək üçün çox əhəmiyyətli bir platformadır. Bildirilib ki, Sərgidə Azərbaycandan və xarici ölkələrdən onlarla əmlak, tikinti və investisiya şirkətlərinin iştirakı gözlənilir. Sərgi çərçivəsində 23 noyabr 2016-cı il tarixində “Daşınmaz əmlak sektorunda investisiyalar” mövzusunda böyük konfransın keçirilməsi də nəzərdə tutulub.