İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və Azərbaycan Standartlaşma İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu “Bir Pəncərə” ixraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə və Azərbaycan Standartlaşma İnstitutunun baş direktoru Namiq Tağıyev imzalayıblar.
BBN.az xəbər verir ki, iki qurum arasında imzalanan memorandumun məqsədi Azərbaycan ixracatçılarının məhsullarının beynəlxalq bazarlarda yüksək standartlara cavab verməsi üçün konsaltinq, sertifikatlaşdırma xidmətlərinin göstərilməsi, maarifləndirici tədbirlərin həyata keçirilməsi, “bir pəncərə” qaydasında uyğunluq sertifikatının tez və qısa müddətdə verilməsini təmin etmək üçün birgə tədbirlər planını həyata keçirməkdir. Birgə əməkdaşlıq həmçinin ixrac olunan məhsulların müqavilə əsasında beynəlxalq akkreditasiyadan keçən laboratoriyada sınaqdan keçirilməsi və beynəlxalq keyfiyyət idarəetməsi sahəsində nəzərdə tutulan digər xidmətlərin verilməsini təmin edəcək.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə imzalanan yeni memorandumun ixrac prosesinı böyük töhfə verəcəyini vurğulayıb: “Bildiyiniz kimi, Azərbaycan məhsullarının yüksək standartlara malik olması, ölkəmizin ixracının daha da artmasına təsir göstərəcəkdir. Xüsusilə, Avropa Birliyi ölkələrinin tələb etdiyi əsas sənədlər, mal və məhsulların yüksək standartla malik olması ilə bağlıdır. Yüksək keyfiyyətə və beynəlxalq standartlara malik məhsullar xarici bazarlarda rəqabətə daha davamlı olurlar. Qeyd olunanları nəzərə alaraq, biz Azərbaycan Standartlaşma İnstitutu ilə memorandum imzaladıq və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə daha çox xidmətlərin göstərilməsi barədə razılıq əldə etdik.”
Azərbaycan Standartlaşma İnstitutunun baş direktoru Namiq Tağıyev isə əlavə edib ki, memorandum Azərbaycan Standartlaşma İnstitutu üçün mühüm əhəmiyyət kəsb edir. “Azərbaycan Standartlaşma İnstitutu ixrac olunan məshullara sahibkarların istəyinə əsasən “bir pəncərə” qaydasında dəstək göstərəcəkdir. Məqsədimiz Azərbaycan məshullarının həm yerli vətəndaşlar, həm də xarici vətəndaşlar üçün daha keyfiyyətli olmasıdır.”
Əməkdaşlıq haqqında memorandumun imzalanmasından sonra “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə müraciət edən bir neçə sahibkara uyğunluq sertifikatları verilib.