“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində Global G.A.P təlimi keçirilib

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Qida məhsullarının Təhlükəsizliyi idarəetmə sistemləri və Kənd Təsərrüfatı istehsalını idarəetmə sistemi (Global G.A.P) üzrə təlim keçirilib.

Təlimi Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Avropanın ən qədim və yüksək reytinqə malik TÜV – Avstriya beynəlxalq sertifikatlaşdırma şirkəti ilə birlikdə reallaşdırıb.

Təlim müddətində iştirakçılara Global G.A.P standartı barədə ümumi məlumat, Qlobal Qida Təhlükəsizliyi Təşəbbüsü, standartın tətbiqindən əldə olunan üstünlüklər, Global G.A.P – sənədlərin “Modul bazası”nın tətbiqi barədə prezentasiyalar şəklində geniş məlumat təqdim edilib.

Təlimin təlimatçısı TÜV Avstriya Azərbaycan şirkətinin təlimçisi Rəna Muradovadır.

Qeyd edək ki, müxtəlif ixracatçı şirkət, sahibkar və bank nümayəndələri daxil olmaqla təlimdə 20-dən artıq şəxs iştirak edib. Bir günlük təlimin sonunda iştirakçılar Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və TÜV – Avstriya beynəlxalq sertifikatlaşdırma şirkətinin birgə sertifakatı ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır