Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan məhsullarına maraq göstərir

Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində səfərdə olan Azərbaycanın ixrac missiyası “Carrefour”, “Spinneys”, “Union Co-op” kimi iri marketlər şəbəkələrində olub. Keçirilmiş görüşlərdə Azərbaycan məhsullarının həmin marketlərdə satışı imkanları və distributorluq məsələləri müzakirə edilib.
İxrac missiyasında təmsil olunan və meyvə-tərəvəz məhsullarının istehsalı ilə məşğul olan Azərbaycan iş adamları Dubayın “Al Aweer” meyvə-tərəvəz mərkəzində olublar.
İxracatçı şirkətlərimiz habelə BƏƏ-də akreditə olunmuş və məhsulların BƏƏ tələblərinə uyğun olaraq halal məhsul qismində tanınmasını təmin edən sertifikasiya təşkilatının nümayəndələri ilə görüşüblər. Burada Azərbaycan şirkətlərinə təşkilatın fəaliyyəti barədə məlumat verilib və bu sahədə əməkdaşlıq üçün təşkilatın nümayəndələri ölkəmizə dəvət edilib.
Məlumat üçün qeyd edək ki, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunmuş ixrac missiyasına meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, ət və ət məhsulları, bal, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkətin nümayəndəsi daxildir. İxrac missiyasının səfəri noyabrın 30-dək davam edəcəkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır