PAŞA Bankın British Council ilə həyata keçirdiyi Biznes Jurnalistikası layihəsinin Azərbaycanda keçirilən təlimləri uğurla tamamlandı. Layihə çərçivəsində 11 jurnalist peşəkar və rəqəmsal media bacarıqları üzrə təlimlərdə iştirak etdilər. Jurnalistlər Thomson Fondunun təlimçisi tərəfindən keçirilən hər biri beş gün olmaqla ümumilikdə üç təlimdə iştirak etdilər. Proqram Thomson Fondu tərəfindən Birləşmiş Krallıqda həyata keçirilən təhsil səfəri ilə tamamlanacaqdır.
Biznes Jurnalistikası layihəsi British Council və PAŞA Bank ilə birgə uğurlu əməkdaşlıqda artıq altı ildir ki, həyata keçirilir və bu müddət ərzində Azərbaycanın 70 dən çox jurnalisti xüsusi hazırlanmış proqram üzrə peşəkar media qabiliyyətləri və bacarıqları üzrə təlimlərdə iştirak edib.
PAŞA Bankın Korporativ Kommunikasiyalar Departamentinin direktoru Sona Abbasova qeyd etdi: «Bu 6 il ərzində biznes-jurnalistikanın inkişafı üzrə layihə PAŞA Bankın Sosial məsuliyyət proqramının mühüm tərkib hissəsinə çevrilib. Bizim üçün bu layihənin başlıca məqsədi hər zaman yerli KİV-in əsasən iqtisadi və biznes-mövzuları işıqlandıran aparıcı peşəkar jurnalistlər qrupunun yaradılması olub. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, PAŞA Bankın British Council ilə birgə bu istiqamətdə göstərdiyi səylər öz töhfəsini verib. İxtisaslaşdırılmış treninqlərdə iştirak etməklə, avropalı həmkarlarının çoxillik təcrübəsi ilə tanış olmaqla yerli jurnalistlər əldə etdikləri vərdişləri ictimaiyyətin daha da peşəkar məlumatlandırılmasında və ölkədə baş verən iqtisadi islahatların və yenidənqurmanın təhlilində uğurla istifadə edir”.
Thomson Fondunun təlimçisi, Dan Mason dedi: Təlim iştirakçılarının qısa müddət ərzində belə dərin, keyfiyyətli, müxtəlif və rəngarəng işləri hazırlaması proqramın ən maraqlı hissəsidir. Hər il qruplar yeni multimedia hekayələri hazırlayırlar və bu il də çox gözəl işlər hazırlandı. Qrup işıqlı gələcəyə indi daha da inamla hazırdırlar və növbəti mərhələdə layiq olduqları London səfərində iştirak edəcəklər.
Layihə bütün dünyada minlərlə jurnalistin hərtərəfli inkişafı üzrə fəaliyyət göstərən və 100-dən çox ölkədə media sahəsində ən yüksək etik və peşəkar standartları təşviq edən Avropanın ən böyük media təşkilatlarından biri olan Birləşmiş Krallığın Thomson Fondu ilə birgə əməkdaşlıq sayəsində həyata keçirilməkdədir.