“Blokçeyn texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi” mövzusunda seminar keçirilib

12 mart 2019-cu il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun təşəbbüsü ilə “İdeyadan Biznesə” layihəsi çərçivəsində “Blokçeyn texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi” mövzusunda seminar keçirilib.

Startaplar, yerli və beynəlxalq İKT şirkətləri və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbir blokçeyn (blockchain) texnologiyasının yaranması və inkişaf perspektivləri, onun innovativ sahibkarlıq fəaliyyətində tətbiqi mövzularını əhatə edib.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktor vəzifəsini icra edən Azər Bayramov bildirib ki, Fond innovativ sahibkarlıq fəaliyyətində yüksək texnologiyaların tətbiqinin təşviqinə xüsusi diqqət ayırır, startaplar və İKT şirkətləri üçün müxtəlif tədbirlər və proqramlar həyata keçirir. A.Bayramov qeyd edib ki, blokçeyn texnologiyası innovativ sahibkarlıq və biznes proseslərinin həyata keçirilməsi zamanı fəaliyyətin şəffaflaşdırılması, təhlükəsizliyi və sürətləndirilməsi məqsədilə istifadə olunur.

“Blokçeyn texnologiyasına əsaslanan kriptovalyutaların yaranması və getdikcə genişlənən tətbiqi son illərin mühüm trendlərindəndir. Blokçeyn texnologiyası təkcə rəqəmsal pul vahidləri deyil, sistem reyestrləri, İT proqramları, məlumatların emalı, elektron imza kimi sahələrdə də istifadə olunur”.

Seminarda ölkəmizdə blokçeyn texnologiyalarının tətbiqi ilə həyata keçirilən və planlaşdırılan layihələrin təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır