Son zamanlar blokçeyn texnologiyaları və kriptovalyutalar insanların əksəriyyəti üçün qlobal fenomen halına gəlib. Belə ki, dünya ölkələri, beynəlxalq qurumlar, o cümlədən nəhəng şirkətlər tərəfindən maraqla qarşılanan Blokçeyn texnologiyaları və rəqəmsal pul vahidləri geniş araşdırılır, bu texnologiyaların tətbiqi ilə bağlı yeni mexanizmlər formalaşdırılır.
- DLT (Distributed ledger technology) və Blokçeyn texnologiyası nədir?
Bölüşdürülmüş kitabça texnologiyası (Distributed ledger technology) ilk nümunəsi olan “Blokçeyn”lə özünü tanıtdı. Belə ki, “Blokçeyn” anlayışı bu termindən əvvəl yaransa da alternativlərinin formalaşması ilə onları ümumiləşdirmək üçün DLT terminindən istifadə edilməyə başlanıldı.
DLT texnologiyası hər hansı bir məlumat bazasının bir mənbədə deyil, bir çox mənbədə, demək olar ki, bütün istifadəçilərdə saxlanılmasını təmin edir. Belə olduqda hər hansı bir əməliyyat bütün istifadəçilər tərəfindən görülür və icra edildikdən sonra məlumatlar hər bir kitabçada yenilənir. Əgər hər hansı bir istifadəçi məlumatı dəyişsə belə, sistem bu göstəricini digər istifadəçilərin göstəriciləri ilə yoxlayır və əməliyyatın icrasına icazə vermir.
Blokçeyn texnologiyası DLT –nin nümunələrindən sadəcə biridir. Bu termin Azərbaycan dilində hərfi tərcümədə blok zənciri mənasını ifadə edir. Blokçeyn texnologiyası müxtəlif növ əməliyyatları avtomatik və onlayn rejimdə qeydiyyata alan kitabçadır.
Bu texnologiyanın yaranma tarixi ilk kriptovalyuta olan Bitcoinin yarandığı tarixdən, yəni 2008-ci ildən başlanır.
Blokchain texnologiyasının xüsusiyyətləri
Blokchain elə bir texnologiyadır ki burada mərkəzləşdirilmiş nəzarət yoxdur. Qeydiyyata alınan məlumatlar kopyalanaraq dünya üzrə maynerlərin kompüterində saxlanılır və blok zəncirini formalaşdırır. Yeni bir əməliyyat həyata keçirildikdə əvvəlki məlumatlar silinmir və mövcud blok zəncirinə əlavə olunur. Məlumatlar kopyalanaraq bütün kompüterlərin yaddaşında saxlanıldığına görə onları silmək mümkünsüzdür.
Burada toplanan məlumatlar istifadəçilər üçün əlçatandır. Ancaq məlumatlara kənar şəxslərin müdaxilə etmək imkanı yoxdur. Bu da texnologiyanın təhlükəsizliyinə zəmanət verir.
Yeni texnologiyanın təqdim etdiyi üstünlüklərdən biri də əməliyyatlar həyata keçirilərkən vasitəçilərə ehtiyac duyulmamasıdır. Belə ki, aralarında əməliyyat aparmaq istəyən iki tərəf 3-cü şəxsin və ya təşkilatın müdaxiləsi olmadan istədikləri əməliyyatları həyata keçirə bilərlər.
- Kriptovalyuta nədir ?
Kriptovalyutalar təhlükəsiz və əksər hallarda mübadilələrin anonim qalması üçün nəzərdə tutulmuş rəqəmsal pul vahididir. Kriptovalyutalar adından da göründüyü kimi kriptoqrafiyaya, yəni şifrələnməyə əsaslanır.
İlk rəqəmsal pul vahidi isə 2008-ci ildə Satoshi Nakomati ləqəbli bir şəxs tərəfindən yaradılan Bitcoindir. Bitcoinlə yanaşı Ripple (Qeyd:Ripple həm kriptovalyuta, həm də onun mübadilə olunduğu DLT-nin adıdır. Bu sistemin ən əsas xüsusiyyəti istifadəçilərinə istər elektron, istərsə də real valyutalarda transfertlər etməyə imkan verməsidir) Etherium, Blackoin Litecoin və s. kimi rəqəmsal pul vahidləri mövcuddur. 2018-ci ilin yanvarın 7-dən etibarən kripto valyutaların sayı 1384-ü ötüb və daha da artmaqdadır.
- Kriptovalyuta mexanizmi necə işləyir?
Kriptoqrafik valyutaların mərkəzi bank və ya rəsmi qurumlarla əlaqəsi yoxdur. Belə ki, rəqəmsal pul vahidləri istifadəçilərə banka getmədən təhlükəsiz ödənişlər və investisiyalar etmək imkanı verir.
Kompleks riyazi problemlərin həlli, virtual mühitdə pul yaratmaq üçün kompüter enerjisindən istifadə olunur. Belə fəaliyyət maynerlik, bu fəaliyyətlə məşğul olan şəxslər isə mayner adlanır. İstifadəçilər pullarını brokerlərdən(vasitəçilərdən) əldə edərək daha sonra şifrəli əməliyyatlar vasitəsilə təhlükəsiz formada pullarını xərcləmək və ya yığmaq üçün istifadə edə bilirlər.
- Kriptovalyutanın ənənəvi puldan fərqi nədir?
Anonimlik. Rəqəmsal pul əməliyyatları ənənəvi ödəniş vahidlərindən fərqli olaraq hər hansı şəxsi məlumat daşımır (özünüz əlavə etmədiyiniz müddətcə). Bu gizlilik isə şəxsiyyət oğurluğu ehtimalını kəskin şəkildə azaldır.
Hesablarınıza daim daxil olmaq imkanı. Ənənəvi hesablar sistem tərəfindən məhdudlaşdırılmış və dondurulmuş ola bilər, amma rəqəmsal valyutanı tənzimləyən qanunvericilik olmadığından bu kimi hallar baş vermir.
Fraud hallarının olmaması. Kriptovalyutalar rəqəmsal və təhlükəsizdir. Belə ki, ənənəvi puldan fərqli olaraq rəqəmsal pul vahidlərində saxtlaşdırılmaq halları hardasa mümkünsüzdür.
Əlavə ödənişlərin olmaması və ya az olması. Banklar əməliyyatları həyata keçirmək üçün ödənişlər alırlar. Rəqəmsal valyutalar internet vasitəsilə və 3-cü şəxslərin müdaxiləsi olmadan mübadilə edildiyi üçün adətən az və ya heç bir əməliyyat haqqı tələb olunmur.
- Beynəlxalq müstəvidə kriptovalyutalara fərqli yanaşmalar.
Kriptovalyutaların ənənəvi valyutalarla müqayisədə sürətli yüksəlişi müxtəlif ölkələrin və rəsmi qurumların bu istiqamətdə addım atmağa məcbur edib. Hətta Rusiya kimi bəzi dövlətlər öz kripto valyutalarını yaratmağa hazırlaşır, bəzi ölkələr (BƏƏ, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, İndoneziya, Malayziya və s. ) isə artıq bunu nail olublar.
Həmçinin Yaponiya, ABŞ, Ukrayna kimi bir çox ölkədə kriptovalyutaların artıq rəsmi hesablaşmalarda və birja fəaliyyətində qanuni aktiv olaraq qəbul edilir. Ancaq dünyada kriptovalyutalara yanaşmalar birmənalı deyil. Belə ki, Kriptovalyutaların sürətli inkişafı və ənənəvi valyutalarla müqayisədə sürətli yüksəlişi ilə yanaşı vergidən yayınma, ölkədən gedən maliyyə axınları və s. kimi təhlükəli tərəfləri də var. Məhz bu səbəbdən marağın artmasına baxmayaraq bir sıra ölkələr pul vahidlərinin rəqəmsallaşmasının əleyhinədir. Həmin ölkələr isə müxtəlif üsullarla kriptovalyuta dalğasının yayılmasının qarşısını alır.
Bu necə baş verir? Bəzi ölkələr təbliğat yolu ilə yəni kripto pul vahidlərinə investisiya qoyuluşunun təhlükəli olduğu xəbərdarlığını etməklə əhalini çəkindirir. Digər ölkələrdə isə kriptovalyutalar valyuta kimi tanınmır və ödəniş vasitəsi kimi qəbul edilmir. Beynəlxalq təcrübədə kriptovalyutaların vergidən yayınmaması və cinayət maliyyələşdiirlməsində istifadə olunmaması üçün yoxlanması və ya tamamən qadağa qoyulması halları da var.