Blokçeyn texnologiyası ilk olaraq Satoşi Nakomoto tərəfindən 2008-ci ildə yaradılsa da, respublikamızda geniş yayılma dövrü son bir neçə ilə təsadüf edir. Bunun əsas səbəbi Bitcoin kriptovalyutasının dəyərində müşahidə edilən kəskin dəyişikliklər və eləcə də ard-arda yaranan yeni kriptovalyutalar göstərilə bilər.
İlk olaraq blokçeyn texnologiyası, digər adı ilə desək, paylanmış hesabatlar texnologiyası (Distributed Ledger Technology) barədə qısa məlumat verək. Blokçeyn ingilis dilində iki sözün (block-blok, chain- zəncir) birləşməsindən əmələ gəlib,bir biri ilə kriptoqrafik şifrələnmə vasitəsilə əlaqələndirilən informasiya bloklarından ibarət rəqəmsal bir sistemdir. Blockchain sistemdə istənilən növdə məlumat saxlamaq və mübadiləsini aparmaq mümkündür və bu sistemi oxşarlarından fərqləndirən ən əsas cəhət onun mərkəzləşdirilməmiş olmasıdır. Bu da o deməkdir ki,istifadəçinin sistemə daxil etdiyi hər bir tranzaksiyaya müəyyən bir kod təyin olunur və bu kod unikal olur. Eləcə də, sistem daxilindəki heç bir məlumatın mərkəzləşdirilmiş kənar bir yerdə olmaması ona kənardan müdaxiləni demək olar ki,mümkünsüz edir.
Bəs blokçeyn texnologiyasının dünya iqtisadiyyatında necə və hansı yöndə təsirləri ola bilər? Bu texnologiya ilk başlarda yalnız fiziki şəxslər tərəfindən istifadə edilsə də, sonralar ağıllı müqavilə (SmartContract), rəqəmsal imza və bunun kimi bir neçə yeni xüsusiyyətlər yaradaraq bir çox qlobal şirkətin diqqətini özündə cəmləyə bilib. Bəs bu axın iqtisadiyyata və eləcə də bilavasitə şirkətlərə necə təsir göstərib?
İlk olaraq, blokçeyn texnologiyasının istifadəsi prosesində neytral üçüncü tərəf olmadığı üçün şirkətlər arası tranzaksiyalar daha təhlükəsiz bir mühitdə həyata keçirilir. Əlavə olaraq, tamamilə nağdsız bir mühit olduğuna görə, şirkət və müəssisələrin hökumətdən asılılığı da qismən azalır. Blockchain texnologiyasından istifadə tranzaksiyaları daha təhlükəsiz etməklə yanaşı,proses müddətində sənədləşmə və vasitəçilərdən istifadə qismən ixtisara düşdüyündən xərclərin azalması və eyni zamanda ekologiyaya müsbət təsir müşahidə olunur.
Bütün bunlara baxmayaraq, Bitcoin kriptovalyutasının sadəcə müvəqqəti bir “qabarcıq” olması müzakirələri, iqtisadi cəhətdən dayağı olmaması və eləcə də qanunvericilikdə heç bir hüquqi əsasının olmaması bu texnologiyaya qarşı bir çox ölkələrdə şübhə doğurur və tətbiqini gecikdirir.