BMT – Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədinin İdarəetmə Komitəsinin ilk iclası keçirilib

Yanvarın 19-da İqtisadiyyat naziri Şahin Mustafayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb. Görüşdə BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədinin icrası, dayanıqlı inkişaf üzrə Milli Əlaqələndirmə Şurası Katibliyi ilə həyata keçirilən əməkdaşlıq və bu sahələrdə atılacaq növbəti addımlar müzakirə edilib.

Sonra İqtisadiyyat Nazirliyinin və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədinin (UNAPF) İdarəetmə Komitəsinin ilk iclası keçirilib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi üzrə Azərbaycan hökuməti tərəfindən əlaqələndiricidir.

Azərbaycan və BMT əməkdaşlığı barədə məlumat verən nazir Şahin Mustafayev əlaqələrin yüksək səviyyədə olduğunu, Azərbaycanın BMT-nin bir çox təşəbbüs və proqramlarına, Minilliyin İnkişaf Məqsədlərinə, həmçinin Davamlı İnkişaf Məqsədlərinə (DİM) qoşulduğunu, Azərbaycanın 2011-ci ildə 2 illik müddətə BMT-nin ali qurumu olan Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyini vurğulayıb.

Bununla belə, BMT-Azərbaycan əlaqələri ötən il imzalanan 2016-2020-ci illər üçün Birləşmiş Millətlər Təşkilatı – Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi ilə yeni mərhələyə qədəm qoyub.Sənəd hazırlanarkən milli tərəfdaşlarla, inkişaf məsələləri üzrə beynəlxalq partnyorlarla, özəl sektor, vətəndaş cəmiyyəti və elm ictimaiyyətinin nümayəndələri ilə strateji sahələrin müəyyənləşdirilməsi üzrə müzakirələr keçirilib və UNAPF Prezident İlham Əliyev tərəfindən 2012-ci ildə təsdiq edilmiş “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və digər sənədlərdə ifadə olunmuş məqsədlərə əsaslanıb. Davamlı İnkişaf MəqsədlərindəvəUNAPF-da dayanıqlı inkişaf, iqtisadiyyatın diversifikasiyası, əhalinin həssas qrupları üçün məşğulluq imkanlarının genişləndirilməsi, keyfiyyətli dövlət və sosial xidmətlərin hamı üçün əlçatanlılığı, sosial baxımdan daha inklüziv və bərabər inkişafa nail olunması, qanunvericiliyin təkmilləşdirilməsi, habelə ətraf mühit və təbii resursların idarə olunması, enerji səmərəliliyi, risk və təbii  fəlakətlərə qarşı dayanıqlılıq və s. məsələlər öz əksini tapıb. Nazir Şahin Mustafayev BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədinin icrasının ölkəmizin hərtərəfli, dayanıqlı inkişafına və beynəlxalq qurumlarla keçiriləcək birgə fəaliyyətə öz töhfəsini verəcəyini vurğulayıb.

İqtisadiyyat naziri Şahin Mustafayev və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai iclasa yekun vuraraq, müzakirələrdə səsləndirilən təkliflərlə bağlı fikirlərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır