BMT-nin Uşaq Fondunun nümayəndələri ilə görüş olub

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan BMT-nin Uşaq Fondunun (UNİCEF) erkən uşaqlıq dövrünün inkişafı üzrə müşaviri xanım Deepa Grover və inkluziv təhsil üzrə mütəxəssisi xanım Nora Şabani ilə görüş olub.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov Nazirliyin fəaliyyət istiqamətləri və ayrı-ayrı ölkələrin müvafiq qurumları, habelə mötəbər beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri barədə məlumat verib. Ötən dövrdə Nazirliklə UNİCEF arasında uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını qeyd edən N.Məmmədov 2014-2015-ci illəri əhatə edən Fəaliyyət Planı çərçivəsində görülən birgə işlərin uşaqlarla bağlı sosial xidmətlər sisteminin təkmilləşdirilməsində əhəmiyyətini vurğulayıb. O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və UNİCEF arasında 2016-2020-ci illərə dair Əməkdaşlıq Proqramı çərçivəsində imzalanan “2016-2017-ci illər üçün Uşaq Müdafiəsi və Sosial Müdafiəyə dair Dövri Fəaliyyət Planı” da uşaqlarla bağlı sosial xidmətlər sisteminin qabaqcıl dünya təcrübəsinə uyğunlaşdırılması üçün vacib istiqamətləri özündə əhatə edib. UNİCEF-in təklif və tövsiyələri əsasında Nazirlik tərəfindən sosial xidmətlərin inkişafına dair Konsepsiya hazırlanıb.

Cari ilin mart ayında UNİCEF tərəfindən ölkəmizdə həyata keçirilən 2016-2020-ci illər üzrə ölkə Proqramının aralıq qiymətləndirilməsinin həyata keçiriləcəyi bildirilib. Həmçinin bu prosesdə nazirlik tərəfindən milli konteksdə həyata keçirilən yeniliklərin, o cümlədən iqtisadi-sosial inkişaf prioritetlərinə və davamlı inkişaf məqsədlərinə dair öhdəliklərin, UNİCEF-in 2018-2020-ci illər üzrə Strateji Planının da müzakirə ediləcəyi diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır