1999-cı ildə yaranan və bu il 20 illiyini qeyd edən avro valyutasını yarandığı dövrdə yalnız 11 ölkə qəbul etsə də, hal-hazırda 25 ölkənin əsas valyutasıdır. Lakin, Avropa Mərkəzi Bankı (ECB) tərəfindən tənzimlənən bu valyutanı qəbul etməkdə tərəddüd edən ölkələr var. Bu ölkələrdən biri Bolqarıstan Respublikasıdır.
Belə ki, avronun milli valyuta kimi qəbul edilə bilməsi üçün, ECB tərəfindən təyin edilən bir sıra uyğunlaşma meyarları mövcuddur. Bunlara, bir sıra idarəçilik islahatları, ECB ilə kooperasiya, məhkəmə islahatları, korrupsiyaya qarşı mübarizə göstəriciləri kimi amillər daxildir. Bolqarıstan bütün bu kriteriyalara cavab verir və avroya keçid son dövrlərdə ölkə gündəmindədir.
Avronun ölkə tərəfindən qəbul edilməsi valyutaya güvəni artırır, ixracata böyük töhfə verir, yerli bankların beynəlxalq arenada reytinqini yüksəldir, beynəlxalq bazara çıxışını və maliyyələşmə prosesini asanlaşdırır. Bununla belə, Bolqarıstan əhalisinin 47%-i avroya keçidin əleyhinədir. Bəs, Bolqarıstanı avro valyutasında qarşı “soyuq” münasibət bəsləməyə vadar edən səbəblər nədir?
Əhalini təşvişə salan əsas səbəblər İspaniya, Portuqaliya, İtaliya, Yunanıstan kimi “Avrozona”-ya daxil olan ölkələrin iqtisadiyyatında baş verən problemlər, Avropa Birliyinin Yunanıstana dəstəyini gecikdirməsi və 2007-2008-ci illərdə baş verən krizisdir. Belə ki, avronu qəbul etdiyi təqdirdə, ölkədaxili monetar siyasət Avropa Mərkəzi Bankına həvalə edilir və Bolqarıstan Mərkəzi Bankının pul siyasətini tənzimləmə funksiyası əlindən alınır. Bu isə, öz növbəsində, ölkə iqtisadiyyatının krizislə mübarizəsini çətinləşdirir. Digər səbəb kimi, avroya keçiddən sonra baş verə biləcək inflyasiya riski göstərilir. Yeni valyuta əsasında yeni qiymətlərin təyini zamanı qiymətlərdə kəskin artım baş verməsi ehtimallar arasında yer alır. Son olaraq, vergi sisteminin unifikasiyası avroya keçidi ləngidən səbəblərdəndir. Bolqarıstan Ticarət Palatasının sədri Tsvetan Simeonova görə vergitutma dərəcəsinin unifikasiyası Bolqarıstan üçün qəbuledilməzdir.
Məlumat üçün qeyd edək ki, Bolqarıstanın hazırki milli valyutası lev adlanır və cari dövr üçün 1 Bolqarıstan levi 0.51 avroya bərabərdir.