Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazinin müavini İdris İsayev və nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Cenevrədə (İsveçrə) keçirilən 115-ci Büro iclasında, BSTA-nın 90 illiyinə həsr olunmuş simpoziumda və bu Təşkilatın 10 Avropa ölkəsinin, o cümlədən Azərbaycanın üzv olduğu Avropa Rəhbər Komitəsinin iclasında iştirak edib.
BSTA-nın Büro iclasında dünyada sosial təminat sahəsində inkişaf meylləri, habelə mövcud olan problemlərə dair müzakirələr aparılıb. Sosial sığorta sisteminin tətbiqində nailiyyətlər əldə edən ölkələrin bu sahədə uğurlu iş təcrübələri diqqətə çatdırılıb, BSTA-ya yeni üzvlərin cəlb olunması barədə təkliflər irəli sürülüb. Həmçinin ötən ay Azərbaycanın da Rəhbər Orqanına üzv seçildiyi Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə BSTA-nın əməkdaşlığına xüsusi önəm verildiyi vurğulanıb. İclasda BSTA-nın Üzvlük Haqları Komitəsinə üzvlərin seçkisi də keçirilib. İ.İsayev də BSTA-nın Üzvlük Haqları Komitəsinin üzvü seçilib ki, bu da BSTA ilə Azərbaycanın uğurlu əməkdaşlığına verilən önəmin əyani göstəricisidir. BSTA-nın yaradılmasının 90 illiyi çərçivəsində keçirilən simpozium isə “Rəqəmli iqtisadiyyatda sosial müdafiə” mövzusuna həsr olunub. Simpoziumda iqtisadiyyatda sosial təminatın roluna dair bir sıra məruzələr təqdim edilib.
Qeyd edək ki, 1927-ci ildə BƏT-in eqidası altında yaradılan BSTA bu gün dünyanın 159 ölkəsindən 322 sosial sığorta və sosial müdafiə təşkilatını özündə birləşdirən, dünyada sosial təminata hərtərəfli dəstək üzrə qlobal kampaniyaya rəhbərlik edən beynəlxalq təşkilatdır.