Bu bölgəyə verilən güzəştli kreditlərin həcmi açıqlanıb

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov bildirib ki, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3000-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 223,7 milyon manat güzəştli kredit verilib.

O bu sözləri noyabrın 3-də bu istiqamətdə növbəti tədbir – sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum Lənkəran rayonunda keçirilib.
Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iri buynuzlu heyvandarlıq kompleksinin, çörək zavodlarının, meyvə-tərəvəz, mebel və tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, istixana, çayçılıq, üzümçülük təsərrüfatlarının, yem zavodunun yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.
Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində Lənkəran və ətraf rayonlarda fəaliyyət göstərən 47 sahibkara 491 min manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, arıçılıq, bağçılıq, qapı-pəncərə istehsalı və s. sahələrin inkişafına yönəldiləcək və 60-a yaxın yeni iş yerinin açılmasına imkan verəcək.
Tədbir çərçivəsində həmçinin, Lənkəran rayonunda güzəştli kredit ayrılmış intensiv bağçılıq təsərrüfatlarına baxış keçirilib. Ümumilikdə, son illər müasir texnologiyaların tətbiqi ilə 1856 ha ərazidə 22 bağçılıq və tingçilik təsərrüfatlarının maliyyələşdirilməsinə 27,5 milyon manat güzəştli kredit verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır