Bu il ƏƏSMN-ə 6 milyona yaxın müraciət olub

Ötən ay “Elektron hökumət” portalına müraciətlərin 31.2  faizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə aid olub.

Azərbaycan Respublikası Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə müraciətlərin sayı ötən ay da artmaqda davam edib. Belə ki, cari ilin iyul ayında nazirliyin e-xidmətlərinə əvvəlki iyun ayı ilə müqayisədə 27.3% çox, yəni  780 152 müraciət qeydə alınıb

Belə ki, iyul ayında Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyinin vətəndaşların portalda ən çox müraciət etdikləri e-xidmətlər “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “İş yerinə dair arayış”, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi”, “Sığortaolunanın onlayn uçota alınması”, “Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” və digərləridir.

Qeyd edək ki, ümumilikdə hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30-a yaxın e-xidməti əhalinin istifadəsindədir və cari ilin yanvar-iyul aylarında həmin e-xidmətlərə 5 milyon 970 min 381 müraciət qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır