Bu il 32.7 % gənc münasib işlərlə təmin olunub

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti gənclərin əmək bazarına inteqrasiyasına yönələn tədbirlərin davamı olaraq, Odlar Yurdu Universitetində “Karyerada ilk addım” devizi altında  aktiv məşğulluq tədbiri keçirib.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, cari ilin 9 ayında nazirlik yanında Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən münasib işlərlə təmin olunan 41.6 min nəfərdən 32.7 %-ni (13 615 nəfər) gənclər təşkil edib. Nazirliyin xətti ilə həmin dövrdə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunan 2 913 nəfərdən 57.2 %-i (1 666 nəfər) də gənclər olub.

“Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri də gənclərin əmək bazarına inteqrasiyasında, tələbə və məzunlara öz ixtisaslarına uyğun karyera qurmaq imkanlarının yaradılmasında mühüm rol oynayır. Bu tədbirlərin davamı olaraq, Dövlət Məşğulluq Xidməti tərəfindən hazırkı tədbir də daxil olmaqla, cari ildə respublikamızın 9 ali təhsil müəssisəsində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri keçirilib. Həmin tədbirlər zamanı ümumilkdə 2.6 min vakant iş yeri təklif olunub, tələbə və məzunlara seçdikləri vakant iş yerlərinə göndərişlər verilib, habelə onlar  işəgötürənlərə öz şəxsi məlumatlarını (CV) təqdim ediblər.

Odlar Yurdu Universitetində “Karyerada ilk addım”  devizi altında  işəgötürənlərin nümayəndələrinin də iştirakı ilə keçirilən aktiv məşğulluq tədbirində 50-si özəl, 4-ü dövlət sektoruna aid 54 müəssisə tərəfindən 267 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim edilib. Həmin vakant iş yerlərinin 49-u dövlət, qalan 218-i isə özəl müəssisələrə aid olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır