Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri nəticəsində cari ilin yanvar-iyun aylarında 33 654 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib. Həmin şəxslərdən 8 076 nəfərini qadın, 10 432 nəfərini gənclər təşkil edib.
2017-ci ilin 6 ayında nazirliyin məşğulluq orqanlarına iş üçün müraciət edənlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 52,6 faiz, işsiz statusu verilənlərin sayında 30,8 faiz azalma qeydə alınıb.
“Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramı çərçivəsində cari ilin ötən dövründə 820 nəfər işsiz və işaxtaran vətəndaş öz biznesini başlamaq üçün aktivlərlə (mal və materiallarla) təmin olunub. Verilmiş aktivlər hesabına həmin vətəndaşlar müxtəlif iqtisadi fəaliyyət növləri üzrə ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını formalaşdırıblar. Hazırda da aktivlərin verilməsi prosesi davam etdirilir.
Qeyd edək ki, Yanvar-iyun aylarında Dövlət Məşğulluq Xidmətinin Əmək birjaları tərəfindən əhalinin, eləcə də ayrı-ayrı iş adamlarının sifarişləri əsasında 1405 nəfər müxtəlif növlərdə müvəqqəti xarakterli işlərlə təmin olunublar.