Bu il investisiya layihələri üçün 19 milyon manat güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Qax rayonunda keçirib.

BBN.az xəbər verir ki, forum çərçivəsində Qax rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap layihələrinin maliyyələşdirilməsi, bağçılıq, tütünçülük, arıçılıq təsərrüfatlarının, bal emalı və qablaşdırılması, tütün emalı müəssisələrinin, quru tütün saxlanılması üçün anbarın yaradılması və otel tikintisi üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

İşgüzar forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun bildirilib ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına bugünkü tədbir çərçivəsində verilən kreditlər də daxil olmaqla respublika üzrə sahibkarlıq subyektlərinin ümumi dəyəri 155 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 19 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Qeyd edilib ki, Qax rayonunda balın emalı və sənaye üsulu ilə qablaşdırılması üzrə müasir müəssisənin yaradılması planlaşdırılır. Bu müəssisədə emal olunan bal “Made in Azerbaijan” brendi ilə xarici bazara çıxarılacaq. Ümumilikdə, arıçılığın inkişafı ilə bağlı indiyədək 430-dək sahibkara 4,7 milyon manat güzəştli kredit verilib.

Forum çərçivəsində Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 1 milyon manatdan çox güzəştli kredit verilib. Verilən kreditlər əsasən, aqroparkın yaradılmasına, heyvandarlıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələr çərçivəsində  100-ə yaxın yeni iş yeri açılacaq. Ümumilikdə, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2300-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 102,9 milyon manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində dövlətin güzəştli krediti ayrılan aqroparkda aparılan işlərə baxış keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır