Bu ölkədə müqaviləsiz işçilərə görə vergi güzəştləri ləğv ediləcək

Rusiya Dövlət Dumasının Əmək komitəsinin üzvü Oleq Şeinin hazırladığı qanun layihəsinə əsasən, öz işçiləri ilə əmək münasibətlərini rəsmiləşdirməyən müəssisələr vergi güzəştlərindən məhrum olunacaqlar. “Qanun layihəsinin mahiyyəti çox sadədir: yoxlama nəticəsində işçi heyətinin 10%-dən və ya 100 nəfərindən çoxu qeyri-rəsmi şəkildə işlədiyi aşkara çıxarılan müəssisə üçün bütün vergi güzəştlərini ləğv etmək lazım gələcək. Qoy həmin müəssisə heç bir güzəştdən istifadə etmədən öz vergilərini adi qaydada ödəsin.Çünki vergi ödəməkdən yayınmaya şərait yaratmaq cəzasız qalmamalıdır”, – layihə müəllifi qeyd edib.

BBN.az “Vergilər” qəzetinə istinadən xəbər verir ki,  hazırda Rusiya  Federasiyasında 23 milyondan 35 milyon nəfərədək insan əmək münasibətlərini rəsmiləşdirmədən fəaliyyət göstərir.Bunun sayəsində büdcə hər il 4 trilyon rubl (təxminən 117 milyon manat) vəsait itirir. Bu qanun pozuntusuna görə cərimə fiziki şəxslər üçün 5 min rubl (146 manat), hüquqi şəxslər üçünsə 50 min rubl (1460 manat) müəyyənləşdirilib.

Qeyd edək ki, qanun layihəsinin hökumətin təsdiqindən sonra fevralın sonuna qədər Dövlət Dumasına təqdim ediləcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır